Hz. Nuh Quranın bir çox ayəsində haqqında təriflə bəhs edilmiş bir peyğəmbərdir:
“Ey Nuhla birlikdə mindirib apardığımız kəslərin nəsli! Həqiqətən, o çox şükr edən bir bəndə idi!” (“İsra” surəsi, 3).
“Həqiqətən, Nuh Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu! Biz onu və ailəsini böyük fəlakətdən qurtardıq. Məhz onun nəslini baqi etdik. Sonradan gələnlər içərisində onun üçün yaxşı ad qoyduq. “Bütün aləmlər içərisində Nuha salam olsun!”” (“Səffat” surəsi, 75-79).
“Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər üzərində seçilmiş etdi” (“Ali-İmran” surəsi, 33).
“Həqiqətən, Biz Nuhu: “Qövmünə şiddətli bir əzab gəlməmişdən əvvəl onları qorxut!” - deyə öz tayfasına peyğəmbər göndərdik” (“Nuh” surəsi, 1).
Allah Hz.Nuhu öz qövmünə elçi kimi göndərmişdi. Qövmündən yolunu azıb inkarçılığa düşənlər Hz.Nuhu və ona tabe olanları haqq yolundan döndərmək üçün onlara tələlər qurmuş, müxtəlif iftiralar atmış, onlara istehza etmişdilər. Etdiklərinin əvəzində isə Allah bu qövmü dünya həyatında böyük bir tufanla cəzalandırmışdı.