Tarix boyu inkar edənlər onlara gələn elçilərə tabe olmamaq üçün bir çox bəhanələr irəli sürmüşlər. Peyğəmbərlərin var-dövlət cəhətdən onlardan üstün olmasını və ya möcüzələr göstərməsinin vacibliyini irəli sürmüş, hətta onların insan deyil, mələk olmasının lazım gəldiyini iddia etmişdilər. Hz.Nuh buna oxşar istəklərə belə cavab vermişdi:
“Mən sizə demirəm ki, Allahın xəzinələri məndədir. Mən qeybi də bilmirəm. Mən demirəm ki, mələyəm. Mən eyni zamanda sizin xor baxdığınız kəslərə Allahın heç bir xeyir verməyəcəyini də demirəm. Onların ürəklərində olanı Allah bilir. Onda, şübhəsiz ki, zalimlərdən olaram!”” (“Hud” surəsi, 31).
Allahın göndərdiyi elçilərin mal-dövlət və pul cəhətdən üstün olmasını, möcüzələr göstərməsini gözləmək inkarçıların klassik bir xüsusiyyətidir. Elçilərin üstün olduqları cəhət təqvadır. Bu insanlar həyatlarının hər anında və hər davranışlarında Allaha yönəldikləri, təslimiyyət və təvəkkül göstərdikləri, səbrlərində heç bir zaman qüsura yol vermədikləri üçün üstündürlər. Allah mal-dövləti, mövqeyi, pulu, elmi və dünyaya aid olan hər şeyi bir çox insana verə bilər. Ancaq bunlar bir üstünlük ölçüsü deyil, yalnız imtahan vasitəsidir. Bu cür dünyəvi dəyərləri Allah yanında bir üstünlük əlaməti kimi qiymətləndirmək isə ancaq dindən uzaq yaşayan insanlara xas olan xüsusiyyətdir:
“Məgər səndən əvvəlki Nuh, Ad, Səmud tayfalarının və onlardan sonra gəlib getmiş, ancaq Allahın bildiyi ümmətlərin xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəlmişdilər. Onlar əllərini ağızlarına qoyub: “Biz sizinlə göndərilənlərə inanmırıq və bizi dəvət etdiyiniz barəsində də möhkəm bir şəkk-şübhə içindəyik!” - demişdilər. Peyğəmbərləri də belə cavab vermişdilər: “Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı?! Allah günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər möhlət vermək üçün imana dəvət edir”. Onlar demişdilər: “Siz də bizim kimi adi bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. Açıq-aşkar bir dəlil gətirin!” Peyğəmbərləri onlara cavab verərək demişdilər: “Biz də sizin kimi adi bir insanıq, lakin Allah Öz bəndələrindən dilədiyinə nemət bəxş edər. Allahın izni olmadan biz sizə heç bir dəlil gətirə bilmərik. Möminlər yalnız Allaha təvəkkül etsinlər!” (“İbrahim” surəsi, 9-11).