Hz. Nuh da digər peyğəmbərlər kimi qövmünün iman etməsi üçün hər cür yolu sınaqdan keçirmişdir. Onları açıq dinə dəvət etdiyi kimi onlara fərqli yollarla da yanaşmağa çalışmış, ancaq bütün cəhdlərinə baxmayaraq onun qövmü inkar etməkdə və azğınlıqda inadla davam etmişdi. Hz.Nuh qövmünün ona inad etməsini belə bildirmişdir:

“O dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz dəvət etdim! Lakin dəvətim onların qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı. Sənin onları bağışlamağın üçün mən nə zaman onları dəvət etdimsə, onlar barmaqlarını qulaqlarına tıxadılar, libaslarına büründülər, israr edib durdular və təkəbbür göstərdilər. Sonra mən onları uca səslə dəvət etdim. Daha sonra onlara aşkar söylədim və gizli bildirdim”” (“Nuh” surəsi, 5-9).

Hz.Nuhun bu sözlərindən bəlli olur ki, peyğəmbərlər dayanmadan insanları Allahın yoluna çağırmış, müxtəlif üsullardan istifadə edərək insanların vicdanını oyatmağa çalışmışdılar. İnsanlardan nə cür reaksiya gəlirsə gəlsin qərarlı davranmaq, Allahın “yaxşılığı əmr edib pislikdən çəkindirmək” əmrini mütləq surətdə yerinə yetirmək peyğəmbərlər kimi əməlisaleh möminlərin də üzərinə düşən mühüm bir məsuliyyətdir:

“İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar, həqiqətən nicat tapmış şəxslərdir”
(“Ali-İmran” surəsi, 104).

“Onlar Allaha tövbə, ibadət və şükr-səna edənlər, oruc tutanlar, rüku və səcdə edənlər, yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allahın hədlərini qoruyanlardır. Belə möminləri müjdələ!” (“Tövbə” surəsi, 112).